Lənkəran sakininin qazdığı su quyusundan təbii qaz çıxdı

Paylaş
1,210 İzlənmə
4 Ay Öncə

Lənkəranda su çıxsın deyə qazılan quyudan təbii qaz çıxıb. Bu maraqlı hadisə quyu sahibini sevindirməli, yoxsa narahat etməlidir?

 

Qaynar TV azertac-a istinadən xəbər verir ki, hadisə rayonun Havzava kəndində baş verib. Qazdırdığı su quyusundan metan qazına oxşar maddə çıxdığını söyləyən Xanəhməd Hüseynovun dediyinə görə, bir əsrə yaxındır bu ünvanda yaşayırlar. Təsərrüfatda işlətmək üçün əvvəllər də həyətyanı sahəsində su quyusu qazdırıb, amma nəticə əldə etməyib. Bir neçə gün əvvəl yenidən artezian quyusu qazdırmaq qərarına gəlib. Quyudan az da olsa, su çıxıb. Dərinlik 26 metrə çatanda quyudan qabarcıq səsləri eşidilib: “Sonra usta alışqanla turbanın üstünü yandırdı, alov 6 metrə kimi qalxdı. Çətinliklə də olsa alovu söndürə bildik, ikinci dəfə də həmin hal baş verdi“.

 

Altmış iki yaşlı ev sahibi Dünyaxanım Rzayeva deyir ki, uzun illərdir kənddə artezian quyuları qazılır, amma belə halla ilk dəfədir qarşılaşırlar. Bütün hallarda quyunun bir addımlığında yaşayan ev sahibləri narahatdırlar: “Birinci gün çaydanı ora qaynamağa qoydum. Daha qorxuruq, yaxına gedə bilmirik. Mən 41 ildir bura gəlin gəlmişəm, həmişə su tərəfindən çətinliyimiz olub. Suyu qonşuların həyətindən gətirmişəm. Bunun üçün quyu qazdıq və başımıza bu hadisə gəldi”.

 

Ev sahibi Xanəhməd Hüseynov hazırda suya görə çətinlik çəkdiklərini söyləyib, aidiyyətli qurumlardan köməklik istəyib.

 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, mütəxəssislər tərəfindən ərazidən keçən yeraltı qaz kəmərlərinə baxış keçirilib. Hər hansı qaz sızması aşkarlanmayıb. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları da hadisə yerinə çağırılıb. Təhlükəsizlik məqsədilə quyunun ləğv edilərək üstünün betonlanmasının vacibliyi qeyd edilib. Ekspertlərin fikrincə, yerin təkindən çıxan maddənin tərkibini müəyyən etmək üçün müvafiq laborator analizlərin aparılmasına ehtiyac var.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6035 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun